“Agro Dairy” Belarus–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və Biznes Forumunda təmsil olunub
Belarusun paytaxtı Minsk şəhərində keçirilən Belarus–Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasında “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.
İclasdan sonra AZPROMO və Belarus Ticarət-Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan–Belarus Biznes Forumu iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının inkişafı, yeni tərəfdaşlıq imkanlarının müzakirəsi və biznes əlaqələrinin genişləndirilməsi üçün mühüm platforma olub.
Forumda müxtəlif iqtisadi sahələri təmsil edən 200-dən çox şirkət və təşkilatın nümayəndələri iştirak edib. Azərbaycan tərəfdən kənd təsərrüfatı, qida sənayesi və digər strateji istiqamətlər üzrə fəaliyyət göstərən 35 şirkət tədbirdə təmsil olunub.
Agro Dairy forum çərçivəsində keçirilən işgüzar görüşlərdə və B2B danışıqlarında fəal iştirak edərək beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və aqro-qida dəyər zəncirində dayanıqlı biznes əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparıb.
Şirkətin beynəlxalq iqtisadi platformalarda təmsil olunması Agro Dairy-nin regional əməkdaşlığın genişləndirilməsi, strateji tərəfdaşlıqların inkişafı və aqro-qida sektorunda uzunmüddətli dəyər yaradan təşəbbüslərə töhfə vermək istiqamətindəki fəaliyyətinin tərkib hissəsidir.
