Agro Dairy nümayəndə heyəti Özbəkistanın investisiya, sənaye və ticarət naziri ilə görüş keçirib
“Agro Dairy” İdarə Heyətinin sədri Niyazi Əmirbəyov və “Milla Dairy” şirkətinin baş direktoru Azər Vahabzadə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyasının həmsədri Laziz Kudratov ilə görüş keçiriblər.
Görüşdə Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edib. Tərəflər aqro-qida sənayesində əməkdaşlıq imkanları, investisiya perspektivləri və regional inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində Milla Dairy tərəfindən Özbəkistanda süd məhsulları istehsalı sahəsinə investisiya layihəsinin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, bu təşəbbüs Agro Dairy Qrupunun regional inkişaf strategiyasına uyğun olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli dəyər yaradan investisiyaların təşviqi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş, tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və aqro-qida sektorunda perspektivli layihələrin dəyərləndirilməsi istiqamətində mühüm platforma kimi qiymətləndirilib.
